Azərbaycan Polisi 106 YAŞINDA
Azərbaycan Polisinin yaranmasının 106-cı ildönümünüdür.
Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.
Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb.
Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.
Bu dövrdə Ümummilli Lider daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib.
Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri olub.
Müstəqilliyimizin sonrakı illərində də daxili işlər orqanlarının fəaliyyəti uğurlu olub. Belə ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin qorunması və təhlükəsizliyin təmin edilməsi kimi mühim vəzifələri öz çiyinlərində daşıyır.
Prezident İlham Əliyevin 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu, sabitlik isə gələcək uğurlara və yüksəlişə doğru inamla irəliləyən müstəqil dövlətimizin rəmzinə çevrildi.
Azərbaycan Polisi güclü maddi-texniki bazası, ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır.
Davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.
Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inam və etimadı doğruldur.