Gündəm

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində ÖZBAŞINALIQ - işçilərin MAAŞLARI KƏSİLİR

Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyində ÖZBAŞINALIQ - işçilərin MAAŞLARI KƏSİLİR

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin bir qrup işçisi tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Adlarının açıqlanmasını istəməyən şikayətçilər iddia edirlər ki, hər ay əmək haqları kəsilir, bayram günləri işə çıxmayanlara isə tam əmək haqqı verilmir:

“Biz, Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin işçiləri olaraq, sizdən xahiş edirik ki, problemimizi işıqlandırasınız.

Qeyd edək ki, bayram günləri bizə istirahət verirlər, daha sonra isə əmək haqqımızı kəsirlər. Belə ki, 550 manat əmək haqqı alırıqsa, kəsib 300-400 manat edirlər.

Bizim əmək haqqımız kəsiləcəksə o bayramı istəmirik.

Cənab Prezident də dəfələrlə qeyd edib ki, bayram günlərinin əmək haqları hesablanacaq. Hər kəsə bəllidir ki, Naxçıvanda illərdir bu idarədə haqsızlıq baş alıb gedir. Sanki biz quluq, qul kimi istədiklərini edirlər.

Biz əvvəlcə xahiş edirik, daha sonra isə tələb edirik ki, istirahət günləri bizim əmək haqqından çıxılmasın.

Naxçıvanda bəzi qurumlarda ciddi dəyişiklik olsa da, inanın ki, bəzi qurumlardakı özbaşınalığı heç kəs yığışdıra bilmir. Naxçıvan sanki Azərbayacan torpağı deyil. Çünki Azərbaycan qanunu burada keçmir. Təəssüf olsun ki, bu, acı da olsa, həqiqətdir”.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.