Gündəm

"Özbaşına tikililər" konsepsiyası ilə hansı evlərə sənəd veriləcək? - AKTUAL

"Özbaşına tikililər" konsepsiyası ilə hansı evlərə sənəd veriləcək? - AKTUAL


"Torpaqların təyinatı Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Təəssüf ki, torpaqların təyinatı dəyişdirilmədən kənd təsərrüfatı təyinatlı torpaqlaırn üzərində evlərin tikilməsinə icazə verilib. Ona görə də bu evlər sənədləşdirilə bilmir".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında "Özbaşına tikililər" adı altında hazırlanan konsepsiyaya münasibət bildirən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Tahir Rzayev bildirib.
Deputat deyib ki, bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb, həmin evlərin sənədləşdirilməsinin tez zamanda başa çatması tələb olunub.
Amma Tahir Rzayev bunun çətin proses olduğunu söyləyib. Deyib ki, indiyədək bu sahədə qanunsuzluqlara yol verilib.
"Biz bütün sahələri yardımçı binaların tikilməsinə versək, gələcəkdə kənd təsərrüfatı məshulları istehsalı müşkülə çevrilər. Kənd təsərrüfatı da inkişaf etdirilməlidir. Bununla belə hökumətə bu barədə təkliflər verilib, araşdırmalar aparılır. Dövlət də öz vətəndaşını narazı salmaq istəməz. Amma bütün bunlar qanun çərçivəsində olmaldır, qanunauyğun olaraq tədbirlər həyata keçirilməlidir", - Tahir Rzayev bildirib.
Qeyd edək ki, bu günlərdə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Torpaq Məcəlləsində dəyişikliyin müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib ki, Abşeron rayonunun bütün "sovxozları" artıq yaşayış massivlərinə çevrilib.
İlqar Həbiyev bildirib ki, kütləvi massivlərlə əlaqədar "özbaşına tikililər" adı altında konsepsiya işlənib hazırlanacaq. Növbəti mərhələdə kütləvi kateqoriya dəyişikləri, icazələr və sənədləşdirmə məsələlərinə münasibət bildiriləcək.
Deputat İqbal Məmmədov isə deyib ki, Azərbaycanda 1990-cı illərdə kənd təsərrüfatı təyinatlı pay torpaqları verildikdən sonra insanların bir qismi bu torpaqlarda ev tikib:
"Artıq uzun müddət keçib və insanları evlərindən də çıxarmaq olmur. Pay torpaqlarının çoxundan istifadə olunmur. Bu torpaqların təyinatının dəyişdirilməsi üçün bir qanun qəbul olunmalıdır".
Əmlak Məsələləri Dövlət Xidmətindən isə Sputnik Azərbaycan-a bildirilib ki, sənədsiz evlərlə bağlı işçi qrupu yaradılıb. Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən sənədsiz evlərlə bağlı müzakirələr aparılır, qəbul ediləcək yekun qərar gələcəkdə hökumətə təqdim olunacaq.
"Hazırda məsələ müzakirədədir, bu istiqamətdə proses davam edir", - deyə Komitədən bildirilib.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, "Özbaşına tikililər" adı altında hazırlanan konsepsiya vaxtında hökumətə təqdim olunmalıdır. Ekspert bildirib ki, artıq nə qədər sənədsiz fərdi yaşayış evinin olduğu hökumətə məlumdur. O, vaxtıilə kənd təsərrüfatı məqsədilə istifadə olunmuş, sonra vətəndaşlara pay torpağı kimi paylanmış torpaqların əkinə yararlı olmadığını söyləyib.
"İllər öncə salınan bağlar, istixanalar pay torpağı kimi sakinlərə paylanıb. Onlar isə bu torpaqları hissə-hissə satıblar. Sovxozların torpaqlarında indi böyük yaşayış massivləri, qəsəbələr salınıb. Oraya kommunikasiya xətləri çəkilib. Artıq iqtisadi baxımdan da o torpaqlar kənd təsərrüfatı üçün səmərəli deyil. Ona görə də ən yaxşısı bu torpaqlarda tikilən evlərə əmlak aministiyası verməkdir. Düşünürəm ki, yeni konsepsiyanın hazırlanması üçün illərlə vaxt sərf etməyə dəyməz. Artıq insanlar illərdir ki, evinə sənəd alacağı günü gözləyir. Bu işi uzatmaq lazım deyil. "Özbaşına tikililər" adı altında hazırlanan konsepsiya vaxtında hökumətə təqdim olunmalıdır", - Ramil Osmanlı bildirib.