Gündəm

Lerikdə talanan dövlət büdcəsi: “186 min manat yoxa çıxıb” - AÇIQLAMA

Lerikdə talanan dövlət büdcəsi: “186 min manat yoxa çıxıb” - AÇIQLAMA

Lerik rayonundan şikayətlər səngimir.

Rayonda ciddi yeyiniti faktlarının olduğu ilə bağlı iddialar var. Bu barədə mediada da dəfələrlə yazılıb.

Qlobal.az xəbər verir ki, bir neçə gün öncə isə rayonun Cəngəmiran kənd sakini Üzeyir Məmmədov sosial şəbəkə hesabında yazıb ki, Lerikdə yeni tikilmış zibilxana üçün ayrılmış 186 min manat yoxa çıxıb, cəmi 2-3 min manat vəsait xərclənib.

O, bunun rayon rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edib.

Digər bir şikayətçi isə şərhdə yazıb ki, görəsən, uzun illər rayon büdcəsinə qənim kəsilmiş, 30 ilə yaxın maliyyə idarəsində müxtəlif vəzifələrdə çalışan, hazırda isə maliyyə idarəsinin müdiri olan Hafiz İmanov bu pulların hara getdiyi barədə nə vaxtsa, ictimaiyyətə ətraflı məlumat verəcəkmi?

Şikayətçi deyir ki, bu mənimsəmələrdə məhz Hafiz İmanov, onun kürəkəni, Lerik şəhər icra nümayəndəsi Ramal Məstiyev, Memarlıq və tikinti şöbəsinin müdiri Əflatun İbrahimov və başçının özü ilə gətirdiyi əslən Lənkərandan olan Rauf “müəllim” iştirak ediblər.

Onların dövlət büdcəsini taladığını deyən Lerik sakini ölkə başçısının bu məsələyə əncam çəkməsini istəyir.

Başqa bir sakin isə bildirib ki, 41-ci km-də tikiləcək istrahət mərkəzi, 50-ci km-dən Lerik şəhərinə çəkiləcək küçə işıq xətti yarımçəlıq qalıb. İstirahət mərkəzi üçün yarımçıq tikilmiş tikililər isə sökülərək yerlə-yeksan edilib.

Vətəndaşlar deyirlər ki, yeni icra başçısı Əkbər Abbasovun nəzarətində olan rayonda əsl hərc-mərclik davam edir.

Qlobal.az məsələ ilə bağlı Lerik rayon İcra Hakimiyyəytindən mövqe öyrənib. Açıqlamada deyilir:

“Bildiririk ki, Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 oktyabr 2022-ci il tarixli 327 nömrəli məktubuna əsasən Lerik şəhərində yeni tullantı poliqonuna ehtiyac olduğunu nəzərə alaraq tullantı poliqonunun tikintisi üçün Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyinin 2022-ci il üzrə təsdiq edilmiş gəlir və xərclər smetasına əlavə vəsait ayrılmışdır. Lerik Rayon Kommunal Müəssisələri İstehsalat Birliyi tərəfindən “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanuna müvafiq olaraq işlərin (malların və xidmətlərin) satın alınması təmin edilmiş və poliqonun tikintisi üçün ayrılmış vəsait təyinatı üzrə xərclənərək 2022-ci ildə başa çatdırılmışdır.

Lənkəran-Lerik yolunun 41-ci kilometrliyində tikiləcək istirahət mərkəzinin sökülməsi ilə bağlı bildiririk ki, qeyd olunan ərazidə 2023-cü ilin aprel-may aylarında sahibkar tərəfindən rayon icra hakimiyyətinin rəsmi xəbərdarlıqlarına baxmayaraq qanunsuz tikinti işləri aparmağa cəhd göstərilmişdir. Bununla bağlı rayon icra hakimiyyəti tərəfindən Fövqəlada Hallar Nazirliyinə müraciət olunaraq tikinti işləri dayandırılmış və yarımçıq tiklilərdə istifadə olunan tikinti matrealları sahibkarın özü tərəfindən sökülərək, daşınmışdır”.

İcra Hakimiyyəti yazıda qeyd olunan digər məsələlərin əsassız olduğunu bildirir.