Gündəm

Şanlı ordumuz lokal antiterror tədbirlərini uğurla başa çatdırdı

Şanlı ordumuz lokal antiterror tədbirlərini uğurla başa çatdırdı

Sentyabrın 19-da Şanlı Azərbaycan Ordusunun Qarabağ ərazısındə həyata keçirdiyi antiterror tədbirləri cəmi bir gün sonra başa çatdı, ermənilər ağ bayraq qaldıraraq məğlub olduqlarını etiraf etdilər. Bu tədbirlərin əsas məqsədi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın tələblərinə uyğun olaraq Ermənistan hərbi birləşmələrinin qalıqlarının bölgədən çıxarılmasını təmin etmək idi və buna da nail olundu.
Son illər ərzində Azərbaycanın səylərinə baxmayaraq, Ermənistan postmüharibə dövründə bütün vasitələrdən yararlanaraq ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş çoxsaylı təxribatçı addımlardan bəziləridir.
Sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atıblar. Belə ki, erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları həlak olub və yaralanıb. Bununla yanaşı, ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Nəticədə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb. Bu da həmin bölgədə ordumuz tərəfindən lokal antiterror tədbirlərinin keçirilməsinə səbəb oldu.
Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun əzmi və gücü qarşısında diz çökən separatçılar 1 sutka tamamlanmadan ağ bayraq qaldırdılar. Əldə olunan ilkin razılaşmalara əsasən hazırda Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlarmaqla ərazilərimizi tərk edirlər. Eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.
Lokal antiterror tədbirləri zamanı ordumuz bir daha peşəkarlığını və yüksək döyüş hazırlığını ortaya qoymuş oldu. Heç bir mülki şəxsə ziyan vurmadı, təcavüzkar Ermənistan fərqli olaraq dinc sakinləri hədəfə almadı, mülki obyektlərə atəş açmadı. Tapşırığı səliqəli və nümunəvi şəkildə həyata keçirərək yalnız legitim hərbi hədəfləri zərərsiz hala gətirdi. Mina terroru nəticəsində həlak olanların qisasını artıqlaması ilə aldı.


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı - ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi.
Eyni zamanda sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirdi ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Ölkə başçısı həm də son iki il ərzində Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük quruculuq işlərini qeyd edərək bildirdi ki, “Gələcəkdə isə bu şərait Xankəndi, Ağdərə, Xocavənd, Əsgəran və digər kəndlərdə yaradılacaqdır. Bununla da, Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb”.


Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,
Vətən müharibəsi qazisi