Ağalar Vəliyevin şirkətindən ŞOK ÖZBAŞINALIQ... - vətəndaşdan müqavilədə qeyd edilməyən 2000 manat tələb olunur
"Kristal Abşeron” tikinti şirkətinin qanunsuz əməlləri ilə bağlı redaksiyamıza şikayət daxil olub.
İndex.az-a müraciət edən şəxsin sözlərinə görə, "Kristal Abşeron” vətəndaş qanunsuz olaraq 2000 manat tələb edir. Belə ki, "Kristal Abşeron” Şərifzadə küçəsində vətəndaşa məxsus evin yerləşdiyi ərazidə yeni bina tikir. Digər vətəndaşlar kimi, həmsöhbətimizin də evi sökülüb, əvəzində yeni tikilən binadan ona mənzil verilib. Bir müddət sonra vətəndaş isə ona verilmiş mənzili başqa bir şəxsə satmaq üçün "Kristal Abşeron”a müraciət edib, lakin şirkətdən bildirilib ki, bunun üçün 2000 manat ödənilməlidir.
Müqaviləyə əsasən, "Kristal Abşeron”, eləcə də bir sıra tikinti şirkətlərindən ipoteka ilə və ya nağd ödənişlə ev aldıqda müqavilədə bununla bağlı bənd olmalıdır. Başqa sözlə, evi sonradan başqa bir şəxsə satdıqda şirkətə əlavə olaraq 2000 manat ödənilir. İndiki halda isə şirkət yeni mənzili vətəndaşın köhnə sökdüyü evin əvəzinə verib, üstəlik, müqavilədə belə bir bənd yoxdur. Bunu "Kristal Abşeron” rəsmilərinə bildirsələr də, qarşı tərəf bu cür cavab verib: "Hər şeyi müqaviləyə salmırıq… Müdriyyət belə tələb edir, biz icraçıyıq”.
Məsələyə aydınlıq gətirmək üçün "Kristal Abşeron” şirkəti ilə əlaqə saxladıq. Şirkətin Çingiz Əsədov adlı əməkdaşı İndex.az-a bildirdi ki, əgər həmin şəxs evi öz yaxınının adına keçirsəydi, bu zaman 2000 manat tələb edilməzdi:
"Vətəndaş mənzili başqa bir şəxsə satır. Bu isə o deməkdir ki, binada sakinin adı dəyişir. Ona görə, 2000 manat tələb olunur. Bundan əlavə, əsas məsələ odur ki, bina hələ dövlət qeydiyyatına salınmayıb. Məhz bu səbəbdən yeni "kupça” (çıxarış) vətəndaşa verilməyib. Yəni vətəndaş köhnə mənzilinin "kupça”sı ilə yeni mənzilin sahibidir. Bina dövlət qeydiyyatına salındıqdan və yeni "kupça” təqdim olunduqdan sonra vətandaş mənzili satsa, bu zaman heç bir rüsum, məbləğ tələb edilməyəcək”.
Çingiz Əsədov əlavə suallarımızı "Kristal Abşeron”un baş ofisinə ünvanlamağımızı istədi.
Lakin "Kristal Abşeron”un rəsmi saytında yerləşdirilən hər 3 mobil nömrəyə zəng etsək də, cavab verən olmadı.
Qlobal.az