"Vəzifə sanki, mehmanxanada olan bir çarpayıdır... - Bu gün sən onun üstündə yatırsan, sabah başqası..."
Azərbaycanda vəzifəli şəxslərdən narazılıq edənlər həmişə çox olub. Maraqlısı odur ki, onlardan təkcə tabeliyində çalışanlar, xidmət göstərməli olduqları insanlar deyil, hətta yaxın dost-tanışları, qohumları da şikayət edirlər. Ayrı-ayrı inanların dilində vəzifədə işləyən qohumları, dostları haqda bu məzmunda giley-güzara, şikayətə tez-tez rast gəlmək mümkündür: “Vəzifəyə keçən kimi üzü döndü, zənglərimizə cavab vermir, bizi saymır”.
Maraqlıdır, insanlar vəzifəyə təyin olunandan sonra niyə onların “üzü dönür”? Vəzifənin gücü, yaxud sirri nədədir ki, qısa müddət ərzində insanları dost-tanışdan, yaxın qohumdan uzaq sala bilir?
Xalq şairi Vahid Əziz Yenisabah.az-a açıqlamasında deyib ki, görünür, onlar sonradan görənlərdir:
“Onlar sonradan görüblər. Elə bilirlər ki, bu həmişə belə qalacaq. Amma anlamırlar ki, bu qalıcı bir şey deyil. Mən elə insanlar tanıyıram ki, yüksək vəzifəsinin olmasına baxmayaraq, sadəliyini itirməyib. Özünü dartmır. Elələri də var ki, anında dəyişir. Bunlar sonradan görənlərdir. Lakin vəzifənin nə olduğunu anlamırlar. Vəzifə özgə atı kimi bir şeydir. Mindinsə, düşməlisən. Vəzifə sanki, mehmanxanada olan bir çarpayıdır. Bu gün sən onun üstündə yatırsan, sabah başqası... Vəzifə qatara, taksiyə bənzəyir. Minmisənsə, mütləq düşəcəksən”.
Şairin sözlərinə görə, istedadlı insanlara yol vermək lazımdır:
“Elə bilirlər ki, vəzifə əbədidir. Ona görə də vəzifəyə keçən kimi burunlarını çox yuxarı qaldırırlar. Ayaqları gözlərinin altını görmür. Sonra yıxılırlar. Yıxılanda da deyirlər bilməmişik. Ona görə də hörmətləri olmur. Mənə elə gəlir ki, bu tip insanları vəzifəyə qoyanda detallara fikir vermək lazımdır. İstedadlı insanlara yol verilməlidir. Hər şey adamın əxlaqı, tərbiyəsi ilə bağlıdır. İnsan düşünməlidir ki, ona dəyəri xalq, kənardan baxan insanlar verirlər. Üzə vurmasalar belə hər şeyi görürlər. Ona əsasən hərəkət edilməlidir”.
V.Əziz qeyd edib ki, vəzifə yüksək şərəf kimi dəyərləndirilməlidir:
“Onlar düşünürlər ki, vəzifəyə keçən kimi ağa olurlar. Lakin belə deyil. Xalqa dost olmalıdır. Vəzifə yüksək şərəf, etimad kimi dəyərləndirilməlidir. Vəzifəyə qazanc mənbəyi kimi yox, xalqa xidmət etmək üçün vasitə kimi baxılmalıdır.
Həmin məmurların övladları da qudurqanlıq edirlər. Axmaq işlər görürlər. Cəmiyyət tərbiyələnməlidir. Bu cür olmamışam deyə danışmağa çətinlik çəkirəm”