"Ortada ye, kənarda gəz", maaş da al, kirayə pulu da... - Replika
Bir neçə gün öncə millət Razi Nurullayev vəkili deputatların “acınacaqlı” vəziyyətini dilə gətirərək kirayə qalan millət vəkillərinə verilən kirayə pulunun artırılmasını təklif edib.
Təbii ki, bu fikir cəmiyyət tərəfindən birmənalı qarşılanmadı. Və cəmiyyət öyrənmiş oldu ki, 1700 manatdan çox əmək haqqı alan millət vəkilləri hələ 220 manat kirayə pulu da alırmış.
Millət vəkillərinə kirayə pulu verilməsi məsəsləsinə 2006-cı ildən başlanılıb. Və həmin dövrdə bu vəsait 220 manat olaraq təsdiq edilib. Aradan illər keçib, amma görünür ki, millət vəkillərinin başı “qaz vurub qazan doldurmağa qarışdığı” üçün bu barədə danışan olmayıb, ta ki, məsələ Razi Nurullayvein yadına düşənə kimi...
Razi müəllim deyib ki, onlar heç də cəmiyyətin düşündüyü kimi 6000 manat deyil, 1700 manat əmək haqqı alırlarmış. Bununla yanaşı, kiçik xırda-para gəlirlər də olurmuş. Millət vəkili yerli mətbuata açıqlamasında bildirib ki, o təkcə onlara verilən kirayə pulunun artmasına görə canfəşanlıq göstərmir, həm də istəyir ki, cəmiyyət millət vəkillərinin də kirayədə qaldığını öyrənsin. Razi müəllim deyib ki, hazırda Bakıda 220 manata kirayə qalmaq mümkün deyil. Buna görə də verilən məbləğ yenidən gözdən keçirilməlidir.
Millət vəkili həmçinin vurğulayıb ki, seçicilərlə görüşmək üçün yol pul və s. xərcləyir və bu vəsait onun maaşından gedir. Çox maraqlıdır, Razi bəy, Siz deyirsiniz ki, 1700 manatla yaşamaq, fəaliyyət göstərmək və əlavə olaraq 220 manat alıb Bakıda kirayədə yaşamaq mümkün deyil. Bəs yazıq kasıb nə etsin? Biznesdən başınız açılanda heç olmasa, ara-sıra onların da ah-naləsinə qulaq verin...
Vallah danışanda elə danışırsınız ki, sanki seçiciləriniz üçün dağı=dağ üstünə qoymusunuz. Gözümüz sizləri görəndən heç bir fəaliyyətinizi görməmişik. Hətta ara-sıra Milli Məclisə baxıb, "görəsən, bu millət vəkilləri nə işə yarayır" deyib-düşünənlərin sayı daha çoxdur.
Nəyin davasını edirsiniz? Tutaq ki, aldığınız vəsait bir o qədər də artırıldı. Və sizin gəliriniz 220 manat daha çox oldu. Bu, sizin fəaliyyətinizdə nəyi dəyişəcək?
Bu günə kimi millət vəkili kimi nə işləri görmüsünüz? Yox, bu sual sadəcə, bir millət vəkilinə ünvanlanmayıb. Milli Məclisdə yer alan, toplantılarda yuxulayan, seçicisini son dəfə seçki təbliğatı zamanı görən bütün millət vəkillərinə ünvanlanıb. İstədiyiniz nədir? Altınızda xidməti avtomobil, toxunulmazlığınız var, stabil əmək haqqınız var. Gördüyünüz (daha doğrusu, görmədiyiniz) işlər də göz qabağındadır. Üç-beş jurnalistə də arada "görüm-baxım" edib reklamınızı da aparrısınız.
Nə isə. Bizim gözümüz-qulağımız öyrəşib millət vəkillərinin belə danışıqlarına. Biri çıxıb deyir, “Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur”, birinin xaricdə qurduğu imperiyanın səsi-sorağl kəsilmir, biri dələduzluq edib həbs edilir, biri... Və əksəriyyəti sadəcə, "ortada yeyib, kənarda gəzirlər"...
Eh, yazmaqla bitən deyilsiniz ki? Özünüzü düşündüyünüz qədər kaş ki, seçicilərinizi də düşünə bilsəydiniz...
Xatırladaq ki, hazırda 12 millət vəkili 220 manat kirayə pulu alır . Həmin deputatlar Emin Hacıyev, Cavid Osmanov, Vüqar İskəndərov, Ramil Həsən, Cəbi Quliyev, Ülviyyə Həmzəyeva, Müşfiq Cəfərov, Pərvin Kazımzadə, Naqif Həmzəyev və digərləridir.
İlahin, Bizimyol.info