Ərdoğan Papa ilə Paris Olimpiadasını müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisk ilə telefonla danışıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyə Prezidenti Paris Olimpiya Oyunlarının açılışında keçirilən bəzi nümayişlərin hiddət və qəzəbə səbəb olduğunu bildirib.
O, ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin alçaldıldığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da narahat etdiyini bildirib. Qeyd edib ki, birlikdə bunlara qarşı ortaq mövqe nümayiş etdirilməlidir: “Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq əxlaqi çöküşün həyəcan təbilidir”.
Tərəflər İsrail-Fələstin münaqişəsini, həmçinin İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmail Haniyənin öldürülməsini də müzakirə ediblər.