Bu dəfə Rusiyada Quran YANDIRILDI
İyulun 2-nə keçən gecə Rusiyanın Kabarda-Balkar Respublikası ərazisində yerləşən məscidlərin birində Quran kitabları yandırılıb.
Bu barədə "Kommersant" qəzeti yazıb.
Bildirilir ki, hadisə Çegem-2 kəndinin məscidində baş verib. Adı açıqlanmayan şəxsin müqəddəs kitabları yandırması namaz otağında quraşdırılmış müşahidə kamerasına düşüb.
İlkin məlumata görə, Quranın on beş cildinə ziyan dəyib. Yerli rəsmilər hadisənin baş verdiyini təsdiqləyib və Quranı yandıran şəxsin həbs edildiyini bildiriblər.
Hadisəni törədən şəxsin həmin an sərxoş və əqli cəhətdən problemləri olduğu iddia edilir.
Xatırladaq ki, bir neçə gün əvvəl İsveçdə Quranın yandırılması müsəlman dünyasında qəzəbə səbəb olub.