Rusiya strateji hücum silahları ilə bağlı müqavilədə iştirakını dayandırdı - Putin AÇIQLADI
Rusiya Strateji Hücum Silahlarının Məhdudlaşdırılması Müqaviləsində (START) iştirakını dayandırıb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin Federal Məclisə müraciətində bildirib.
Putin qeyd edib ki, Rusiya START-dan çıxmır, sadəcə iştirakını dayandırır.
O həmçinin vurğulayıb ki, Rusiya START-a qayıtmaq üçün NATO-nun birləşmiş zərbə arsenalının necə nəzərə alınacağını başa düşməlidir:
“Onlar bizə strateji məğlubiyyət vermək və nüvə obyektlərimizə soxulmaq istəyirlər. Bu baxımdan mən bu gün Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində iştirakını dayandırdığını elan etməyə məcburam”.
Putinin sözlərinə görə, Vaşinqtonda bəzi fiqurlar nüvə silahının sınaqdan keçirilməsi barədə düşünür, o zaman Moskva da analoji addımlar atacaq.
Xatırladaq ki, START müqaviləsi 2010-cu ildə Rusiya və ABŞ arasında imzalanıb və 2011-ci ildən qüvvəyə minib. Müqavilə 10 il müddətində qüvvədədir və 2021-ci ildə bitib. 2021-ci ildə yeni START Müqaviləsi imzalanıb.