Dünya

Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün hansı əhəmiyyət kəsb edir? - ŞƏRH

Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün hansı əhəmiyyət kəsb edir? - ŞƏRH


44 günlük Vətən müharibəsindən sonra məğlubiyyətə uğramış Ermənistan ötən bir il ərzində vasitəçi axtarmaqla məşğul olub. Əvvəl bu vasitəçilik üçün Rusiyaya, sonra ABŞ-a, Fransaya və son olaraq isə Gürcüstana üz tutub. Bu günlərdə Gürcüstana səfər edən Ermənistanın baş naziri Nikol Paşinyanın əsas istəyi də məlum oldu. Belə ki, Paşinyan gürcü həmkarından Türkiyə prezidenti Ərdoğanla görüş üçün vasitəçilik etməsini xahiş edib. Maraqlı məqam ondan ibarətdir ki, Paşinyanın Ermənistandakı mövcud ictimai-siyasi gərginlik fonunda atdığı bu addımların hansı məqsəd daşıdığı qeyri-müəyyəndir. Paşinyanın bu istəyi Rusiyanın başının üstündən iş görmək mənasına gəlir. Rusiya isə yəqin ki, özünün forpostu olan ölkənin bu özbaşınalığına biganə qalmaz. Guya çoxvektorlu xarici siyasət yürüdən Paşinyan hakimiyyətinin Rusiya ilə yanaşı, ABŞ-ın, Fransanın, eləcə də Gürcüstanın ətəyindən yapışması hansı maraqlara xidmət edir. Gürcü vasitəçiliyinin hər hansı bir perspektivi varmı? Ermənistan Gürcüstanı da urvatsız duruma salacaq?

Mövzuyla bağlı “Kaspi” qəzetində məqalə dərc edilib.

Onu da qeyd edək ki, bir müddət əvvəl Gürcüstan özü də dialoq üçün platforma təklif etmişdir. Bir neçə gün əvvəl isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfər etməsi, müəyyən məsələlərlə yanaşı, vasitəçilik missiyasını da gündəmə gətirdi. Açıqlanan məlumata görə, Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasında bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda səfər zamanı ticari-iqtisadi münasibətlər və nəqliyyat-logistika sahəsində mövcud infrastruktur da müzakirə edilib. Bəs Gürcüstanın vasitəçiliyi Azərbaycan və Ermənistan üçün hansı əhəmiyyət kəsb edir?

Mövzu ilə bağlı açıqlamasında politoloq Tofiq Abbasov bildirdi ki, Gürcüstanda bu ideya çoxdan var və bu ölkənin prezidenti Salome Zurabişvili də Azərbaycanla Ermənistan arasında vasitəçi ola biləcəklərini demişdi:

“Şəxsi fikrimdir ki, burada çox da dərin diplomatiya yoxdur. Faktiki olaraq, Ermənistan odu söndürüb, külü ilə oynayır. Çünki bütün proseslərin konturları bəllidir. Ermənistan müharibəni uduzub, qalib məlumdur. İndi gərək öz məğlubiyyətini tanısın və bunun ardınca tələb olunanlar bəllidir. Birincisi, sərhədlərin demarkasiyası və delmitasiyası keçirilsin, sonra da sülh müqaviləsinə imza atılsın”.

Politoloq vurğuladı ki, böyük anlamda hazırkı situasiyada heç vasitəçiliyə də ehtiyac yoxdur:

“Çünki prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bildirirlər ki, “altılıq” formatı ən münasib əməkdaşlıq formatıdır. Ermənistan məğlubiyyətdən sonra çalışır ki, özünə bəraət qazandırsın. Əslində vasitəçiyə o zaman ehtiyac olur ki, tərəflərin hər birinin əlində “kozır”ı olur. Amma indiki şəraitdə Azərbaycan mütləq üstünlüyə sahibdir. Ermənistan nə təklif edə bilər və ya ortaya nə şərt çıxaracaq? Onun belə bir imkanı yoxdur. Ermənistan, belə deyək, bütün oyun kartlarını batırıb. Güc, söz və nəzarət Azərbaycandadır. Ona görə də, düşünürəm ki, vasitəçiliyə lüzum yoxdur. Ermənilər gərək mövcud vəziyyətləri ilə barışsınlar. Ermənistanın vasitəçilik axtarışı diplomatik oyundur və bu oyun çərçivəsində də kimlərdənsə vasitəçi olmağı xahiş edirlər”.

T.Abbasov qeyd etdi ki, Azərbaycan özü Türkiyə ilə Rusiya arasında vasitəçilik edib:

“Bilirsiniz ki, Rusiya təyyarəsinin vurulması iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Belə bir məqamda Prezident İlham Əliyev diplomatik məharət göstərdi və bununla da diplomatik çevikliyini nümayiş etdirdi. Amma inanmıram ki, Gürcüstan diplomatiyası işlək bir mexanizm və deyək ki, böyük bir ustalıq göstərə biləcək imkanlara malikdir. Təbii ki, burada son sözü Prezident İlham Əliyev deməlidir. Özü-özlüyündə bu, nəcib bir təşəbbüsdür. Gürcüstan daha çox Azərbaycandan asılı bir ölkədir. İndi Ermənistanın belə bir xahişi var. Ancaq Azərbaycan buna kortəbii şəkildə “hə” deməyəcək. Ölkəmiz əvvəlcə bilməlidir ki, Ermənistanın bu kimi xahişi hansı maraqlardan yaranıb və gözlənti nədən ibarətdir. Əlbəttə ki, burada status söhbəti ola bilməz və bütün tərəflər Azərbaycanın dominantlığını tanımalıdır”.