Araşdırma

DSX-da külli miqdarda maliyyə maxinasiyası – RƏHBƏR ŞƏXSLƏR NECƏ MİLYONÇUYA ÇEVRİLİB...

DSX-da külli miqdarda maliyyə maxinasiyası – RƏHBƏR ŞƏXSLƏR NECƏ MİLYONÇUYA ÇEVRİLİB...

Dövlət Sərhəd Xİdmətində (DSX) baş verən qanunsuzluqlar və maliyyə maxinasiyası ilə bağlı “Hürriyyət”in redaksiyasına məlumat daxil olub. Etibarlı qaynaqlardan verilən informasiyaya görə, rəhbərliyin qanunsuz tələblərini yerinə yetirməyən hərbi qulluqçular dərhal “qara siyahı”ya salınır və müxtəlif bəhanələrlə maaşları kəsilir.

“Bilirsiniz ki, hərbi qulluqçulara hər ilin sonunda, yəni dekabr ayında 13-cü əməkhaqqı, yəni əlavə bir oklad maaş verilir. Buna baxmayaraq, hərbi hissələrdə hansı hərbi qulluqçunun bir töhməti varsa 25%, 2 töhməti varsa 50%, üstəlik də 13-cü maaşı kəsilir”, - deyən mənbə iddia edir ki, DSX rəisindən, yəni Elçin Quliyevdən töhməti olanların isə maaşından minimum 50% , şiddətli töhməti varsa 100% kəsilir. Ən maraqlısı isə odur ki, bütün bunlar heç bir qanunla tənzimlənmir:

“Belə deyək də, kimin kimdən xoşu gəlmirsə, mütləq ilin sonuna yaxın cəzalandırılır. Bəlkə də baş verənlərdən Elçin Quliyevin xəbəri yoxdur, amma hər hansı bir araşdırma təyin olunursa, nəticədə birmənalı olaraq xidmər rəisinin adından cəza yazılır”.

Məlumata əsasən, Elçin Quliyevin adından cəza verilən hərbi qulluqçu bir il ərzində nə rütbə, nə də vəzifə ala bilməz: “Gərək bil il keçə ki, o cəza götürulə, hərbi qulluqçu təltif oluna”.

Mənbə deyir ki, DSX-da ezamiyyət xərcləri adı altında külli miqdarda vəsait də talan olunur: “Bəllidir ki, ezamiyyət pulları qanunvericiliklə tənzimlənir. Yəni Bakıdan hər hansı bir rayona gedərkən gündəlik 90 AZN ezamiyyət xərci hesablanmalıdır. Buna baxmayaraq rəhbər strukturlar xaric, bütün hərbi hissələr pulu kəsirlər. Bəziləri 65, bəziləri 30, bəziləri 27 manat ödəyir. Yəni kim necə istəyir, o qayda da tənzimləyir.

Hərbi qulluqçular Bakıdan rayona gedirsə, oteldə qalması, yemək yeməsi, yolpulu və s. kimi xərclər nəzərdə tutulub. Hərçənd ki, cənab Prezident hərbi qulluqçuların yaşayışının yaxşılaşdırılması üçün ezamiyyət xərclərini belə qaldırıb. Bunlarla yanaşı, hərbi qulluqçuların evlərlə təmin olunmaları ilə bağlı da göstəriş vermişdir. Lakin heç kim bu göstərişə əməl etmir. Kimlər rəhbərliyə yaxındır, generalın qohumu, tanışıdır, ancaq onlara ev verilib, kimlər yaddır, onlar hələ də kirayələrdə qalır”.

Mənbə deyir ki, DSX rəhbərliyində qanunsuz yollarla külli miqdarda sərvəst sahibi olan zabitlər var: “Bəzi yüksək rütbəli zabitlərin obyektləri, bağ evləri, restoranları və s. var. Bunlar hərbçi maaşları ilə alınası deyil. Buna baxmayaraq, hansısa bir yetim, adamsız zabitin, gizirin hardansa 30-50 AZN əlavə qazancı olarsa, rəsmən ciyərini çıxarırlar. Bunlara niyə sual verən yoxdur ki, bu boyda imarət, maşınlar, obyektlər, restoranlar hardandır?!”

“Hürriyyət”