Araşdırma

“Beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir” - ETİRAZ

“Beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir” - ETİRAZ

Ucar rayonu, Bərgüşad kənd sakini, Birinci Qarbağ Müharibəsi veteranı Nəsiyev Azər Ataş oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi deyir ki, oğlu 2016-cı ilin aprel döyüşlərində yaralansa da, 2023-cü ildə 2-ci qrup əlillik dərəcəsi ləğv edilib:

“Mən, Nəsiyev Azər Ataş oğlu, şikayət edib bildirirəm ki, 2016-cı ilin Aprel döyüşlərində oğlum Nuruş partlayış nəticəsində ağır yaralanıb və əlil olub. Ona verilmiş 2-ci qrup əlillik dərəcəsi 2023-cü ildə qanunsuz olaraq ləğv edilib.

Çoxlu şikayətlər etsəm də, baxılmır, heç bir tədbir görülmür.

Oğlum Nuruş döyüşdə aldığı xəsarətə görə gözünün biri kor olub, qulağı eşitmir, ağır kəllə-beyin travması alıb.

Mənim dörd oğlum müharibədə iştirak edib. Nuruş isə 2016-cı il tarixdə hərbi xidmət zamanı Aprel döyüşlərində partlayış nəticəsində ağır kəllə-beyin travması alıb. Onun müalicə olunması üçün həyətimizdən iribuynuzlu heyvanlarımızı satmışıq, banklardan kredit götürmüşük. İndi də borclarımızı ödəyə bilmirik.

Nuruşa əlillik dərəcəsi 5 illik təyin edilsə də, 3 il keçəndən sonra qanunsuz olaraq dayandırıblar. Müharibədə ağır yaralanıb gözü kor, qulağı kar, beyni zədəli olan xəstə oğluma qarşı edilən bu qanunsuzluq cinayət əməlidir.

Onu da deyim ki, bacım oğlu Səbuhi Ələkbər oğlu Süleymanov da Vətən müharibəsində şəhid olub.

Prezident cənab İlham Əliyevdən və aidiyyətiı qrumlardan xahiş edirik, mənim şikayətimi obyektiv araşdırıb, qanuni tədbirlər görsünlər”.