Qazaxın yollarına yarım milyon yetmədi – Rəcəb Babaşov yollarla bağlı daha bir tender keçirdi
Qazax Rayon İcra Hakimiyyəti Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı satınalma müsabiqəsinə yekun vurub.
Qaynarinfo xəbər verir ki, müsabiqənin qalibi "Ərdagı” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin 448 119,43 AZN təşkil edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "Ərdagı” MMC 10 dekabr 1992-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10.60 AZN olan şirkətin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavodu”nda yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Nazim Fuad oğludur.
"Ərdagı” MMC 2019-cu ilə qədər "Ərdagı” İstehsal Kommersiya Şirkəti adı altında fəaliyyət göstərib. Açıq mənbələrdə bu şirkət haqqında heç bir məlumat olmasa da, tender kralı kimi məşhurdur.
Şirkət bir neçə gün əvvəl Qazax Rayon İcra Hakimiyyəti Başçısının Qazax Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Qazax şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı tenderinin qalibi olub.
Abadlıq işlərinin icrasına görə "Ərdagı” MMC-yə nə az, nə çox 994 994,79 AZN ayrılacaq.
Qazax Şəhər İcra Hakimiyyəti bir neçə ay əvvəl də Qazax şəhərində yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Tenderin qalibi "Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 524 990,86 AZN-dir.
Beləliklə, Qazax şəhərində yolların təmiri üçün yarım milyon azlıq edib və icra hakimiyyəti daha tender keçirib.
Qazaxdan gələn xəbərlərdə isə iddia edilir ki, təmirinə bu qədər maliyyə vəsaiti ayrılsa da, yollar bərbaddır. Bu ya ümumiyyətlə təmir işlərinin aparılmaması, ya da kosmetik təmirlə bağlıdır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovdur. O, 2016-cı ildən bu vəzifədədir.