Araşdırma

"Badımcan", "pomidor", indi də "sertifikatlı" taksilər - "Lənətli" taksi sistemi niyə özünü doğrultmur?

"Badımcan", "pomidor", indi də "sertifikatlı" taksilər - "Lənətli" taksi sistemi niyə özünü doğrultmur?


Taksilərin fəaliyyəti ilə əlaqədar qanunuvericilikdə yeni tələblər qüvvəyə minəcək. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni qaydalara görə, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri qadağan olunacaq.
Söhbət taksilərdən düşmüşkən, xatırlayırsınızsa, Avroviziya ərəfəsində Azərbaycana yüzlərlə "badımcan", daha sonra isə el arasında "pomidor taksi" adlanan yeni maşınlar gətirilmişdi. Həmin taksilər, əsasən, "London taksiləri" adlandırılırdı. Bir ara onların güclü reklamı da oldu, deyilənə görə, onları idarə edən sürücülərin hər biri peşəkarlardan seçilirdi, avtomobillərdəki komforta isə söz ola bilməzdi. Bəs sonra nə oldu?

Avroviziya müsabiqəsinə bir il qalmış, Londondan "badımcan"ları gətirdik ki, turistlər görsün ki, nəqliyyatda, texnologiya və komfortda nə İngiltərədən, nə də onun paytaxtından geri qalırıq. Qoy, onlar özlərini evlərindəki kimi hiss etsinlər. Dövlət bu taksilərə nə qədər vəsait ayırmışdı?! Milyonlarla manat və ya dollar pul töküb, ölkəyə gətirilən "London taksi"lər müsabiqənin keçirilməsindən cəmi iki il sonra qarajlarda çürüməyə tərk olundu. Bəlkə də həmin taksiləri Azərbaycana satan şirkət satdığı avtomobillərin aqibətinin bu cür olacağını bilsəydi, heç satmazdı.

2011-ci il idi, Avroviziya müsabiqəsinə cəmi bir il qalırdı. Adıçəkilən həmin taksiləri qucaqdolusu yığıb, tökdülər Azərbaycana. Pul torbasının ağzı axıra kimi açılmışdı, pul önəmli deyildi, əsas olan turistlərin məmnuniyyəti idi. Ölkəyə gətirildiyi gün deyilənə görə, yerli sakinlərin o taksilərdən istifadəsi qadağan idi, onlarla yalnız turistlər gəzə bilərdilər. Nə vaxt ki turistlər köçüb, "isti ölkələr"inə getdilər, onda hökumət xatırladı ki, ölkədə azərbaycanlılar da yaşayır, bu taksilərə onlar niyə minməsin? Ancaq sonra məlum oldu ki, o taksilərin göstərdiyi xidmət o qədər bahadır ki, insanlar "badımcan"lara yaxın düşmək istəmirlər.

Hay-küylə, bəh-bəhlə xaricdən gətirilən bu avtomobillər çox keçmədi ki, qarajlara qapadıldı və çürüməyə tərk edildi. Daha sonra 2015-ci ildə bu taksilər yenidən gündəmə gəldi. Bu dəfə Bakıya Avropa oyunları öncəsi yenə həmin taksilərin "pomidor" adlanan versiyasından nə az, nə çox, düz beş yüz ədəd gətirildi. O zaman paytaxtdakı London taksilərinin sayı 1500-ə çatdı. Sonuncu beş yüzünü "Bakı taksi", min ədədini isə o vaxtkı Nəqliyyat Nazirliyi sifariş vermişdi. Amma nazirliyin oyunlar ərəfəsində "başı bərk qarışıq" olduğu üçün tələsik gətirilən bu avtomobillərdən beş yüzünün gömrükdə rəsmiləşdirilmədiyi ortaya çıxdı. Beləliklə, paytaxta gətirilən taksilərdən beş yüzünə verilən bir illik möhlət başa çatdı, bundan sonra isə "badımcanlar" yavaş-yavaş Bakı yollarından "yoxa çıxmağa" başladılar.

Binəqədi rayonu isə sözün əsl mənasında indi "badımcan bostanı"nı xatırladır. "Bakı taksi"nin üç il əvvəl verdiyi məlumatda isə bildirilirdi ki, taksilərə tələbat azaldığı üçün bu avtomobillər indi fəaliyyət göstərmir. Halbuki, üç il öncə - pandemiyanın tüğyan edən vaxtında hər kəs demək olar ki, taksilərdən istifadə edirdi. Onda niyə biz yollarda bu taksiləri görə bilmədik? Demək ki, səbəb "ingiliscə"dir.

İndi də, düz 12 il öncəki hay-həşirlə taksi islahatına başlanılıb. AYNA rəhbərliyi açıqlama verir ki, taksilərin fəaliyyətində bundan sonra nizam-intizam yaradılacaq, sürücülərin bilik və bacarığı təkmilləşdiriləcək. AYNA rəhbərliyinin bu böyük məqsədinə, arzusuna mən də bütün səmimiyyətimlə "amin, Allah arzularınıza qovuşdursun" deyirəm. Ancaq bir problem var - qollarını çırmalayıb, yenə böyük məqsədlərdən danışan, insanları keyfiyyətli xidmətlə təmin edəcəklərini deyən hökumət bu dəfə də taksiləri "badımcan bostanı"na sürməyəcək ki? Bunun bir daha təkrarlanmayacağına, taksilərin, onların fəaliyyətinin təkmilləşdirilməsi üçün ayrılan büdcənin yenidən itər yerə getməyəcəyinə qarantiya varmı?

Bu taksi işində sanki böyük bir lənət var: hökumət tapşırıq verir, dövlət qurumları da istəyir ki, nəsə etsinlər, axırda işi əlinə-üzünə bulaşdırırlar. Qismət, görək indi nə olur? Cem Karaca demiş, "yenə mindik bir əlamətə, gedirik Qiyamətə". Allah axırımızı xeyir eləsin.

Mətin Şükürlü, Bizimyol.info