"AZƏRXALÇA"nın SƏDRİNİN HƏBSİLƏ BAĞLI YENİ İDDİA - Dövlətin 50 milyonluq proyektini batırıb
9 yanvar 2021-ci il tarixdə Vidadi Muradova Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
Hazırda “Azərxalça” ASC-nin vəzifəli şəxsləri tərəfindən törədilmiş digər cinayətlərdə hər hansı formada iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi, habelə Cəmiyyətə dəymiş maddi ziyanın ödənilməsi istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
“Şöhrət” ordenli Vidadi Muradov xalçaçı-ekspert, tarix elmləri doktorudur. O, 2016-cı ildə “Azərxalça” ASC-yə sədr təyin edilənə qədər ölkədə tanınan iş adamlarından olub. Xalça istehsalı və satışı ilə məşğul olan Vidadi Muradov “Azər-İlmə” Xalçaçılıq şirkətinin sahibidir. Eyni zamanda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Xalçaşünaslıq” sektorunun müdiri, “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının baş redaktoru, YUNESCO-nun Mənəvi ənənələr, mədəni xüsusiyyətlər və Şimali Qafqazda dinlərarası dialoq üzrə komporativ tədqiqatlar kafedrasının professoru, Beynəlxalq Muzeylər Şurasının (ICOM) üzvüdür. O, 5 mart 1956-cı ildə Azərbaycan Respublikasının Bərdə şəhərində anadan olub. 1974-1980-ci illərdə Moskva Kooperativ İnstitutunun İqtisadiyyat fakültəsində “İqtisadiyyatın təşkili” ixtisası üzrə təhsil alıb. 1980-ci ildən etibarən 1994-cü ilədək respublikanın müxtəlif müəssisələrində iqtisadçı kimi fəaliyyət göstərib. 1994-cü ilin oktyabrında məramı unudulmuş çeşnilərin bərpası, yüksək keyfiyyətli xalçaların istehsalı, bir çox şəxsi kolleksiyaları və dünya muzeylərini bəzəyən Azərbaycan xalçalarının təbliği olan “Azər-ilmə” elmi tədqiqat və istehsalat mərkəzini təsis edib. “Azərxalça” ASC yaradılandan sonra qurumun idarə heyətinin sədri vəzifəsinə gətirilib.