Araşdırma

Qarakənd faciəsinin şahidi olan çobanın müsahibəsi “AzTV”də niyə yoxa çıxdı? – MƏXFİ TERROR...

Qarakənd faciəsinin şahidi olan çobanın müsahibəsi “AzTV”də niyə yoxa çıxdı? – MƏXFİ TERROR...

Qarakənd faciəsinin 30-cu ildönümü yaxınlaşır. Ermənilərin törətdiyi terror nəticəsində dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev həlak olub. Ümumilikdə qəza nəticəsində 22 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, 30 il öncə baş verən hadisə zamanı araşdırma aparan jurnalistlər maraqlı faktlara sahibdirlər.

Həmin dövrdə “Qarabağ” qəzetinin müxbiri olan Salman Alıoğlu yerli mətbuata bildirib ki, Azərbaycanın müstəqilliyi Rusiyanı qıcıqlandırdı və Kreml Qarabağdakı ermənilərin əli ilə azərbaycanlılara qarşı açıq terrora başladı. Nəticədə 1991-ci ildə Xocavəndin bəzi kəndləri ermənilər tərəfindən işğal olundu.

O ki qaldı Qarakənd faciəsinə:

“İsmət Qayıbovun və Məhəmməd Əsədovun əynində kürk, kürkün altında isə silah var idi. Hadisə baş verəndən sonra həmin silahlar da tapılmadı. Mən 27 ildir eyni fikirdəyəm ki, helikopter düşəndən sonra çoxu yaralı və sağ olub, yerdə ermənilər onları yandırıb, sonra da sənədlərini götürüblər. Siyahı dərc olunanda cəsədlərlə siyahıdakı adlar düz gəlmədi. Meyitlərin sayı az idi. Ola bilərdi ki, ermənilər rusları xilas edib, onlara ziyan vurmamışdılar”.

Allahverdi Əsədov Azərbayacan televiziyasının Qarabağ üzrə müxbiri və faciənin səhəri günü hadisələri lentə alan ilk jurnalistdir.

Onun sözlərinə görə, ərazi sovet qoşunlarının nəzarətində qaldığı üçün hadisə yerinə vaxtında getməyə icazə vermirdilər:

“Alı Mustafayevin cəsədi, külə dönmüş bloknotunu gördük. O, hər şeyi qeyd edirdi. Onu götürmək istədik, amma icazə vermədilər, orada qaldı. Vaqif Cəfərovun, İsmət Qayıbovun meyiti orada idi. Ancaq 3-4 nəfərin meyiti yox idi. Onlardan biri də AMON-nun yaradıcısı, keçmiş Daxili İşlər naziri Məhəmməd Əsədov idi. Onunla birgə iki nəfər rus generalının da meyiti yoxa çıxmışdı. Ermənilər Məhəmməd Əsədovun başına pul qoymuşdular, mütləq onu aradan götürəcəkdilər. "Qara qutu" tapıldı.

Operator onu götürüb gizlətmişdi, ancaq bizə dedilər ki, buradan müəyyən şeylər götürülüb, onlar geri verilməyənə qədər buraxılmayacaqsınız. Biz qutunu geri verdik.

Xeyli vaxt keçəndən sonra Çingiz və digər jurnalistlər gəldilər. Tamerlan Qarayev, Rusiya Dumasının deputataları və başqa dövlət nümayəndələri orada idilər. Ayaz Mütəllibov isə orada görünmədi. Halbuki, mütləq gəlməli idi. Bizə dedilər ki, qutunu Gəncəyə aparacaqlar. Sonra isə bildirdilər ki, guya əriyib yanıb. Ancaq bu ağıla batan iş deyildi. O elə bir materialdan düzəldilib ki, nə əriyər, nə də xarab olar. Hamısını yoxa çıxardılar. İstintaq qrupu tərəfindən bir çoban şahid kimi danışdırılmışdı. O, hadisə yerinə yaxın ərazidə qoyun otarırmış. Onda hətta “binokl”da var imiş. Çoban qəzanın necə baş verməsi ilə bağlı dəqiq məlumat vermişdi. Ondan mən müsahibə də götürmüşdüm. Ancaq çox təəssüflər olsun ki, çəkib göndərdiyim həmin müsahibə televiziyada yoxa çıxdı. Və efirə getmədi. Çoban müsahibəsində bildirmişdi ki, helikopter atəş nəticəsində yerə düşüb. Və əlavə edirdi ki, yerə düşən kimi partlamayıb. Yerə düşəndən sonra yuxarı qalxmağa cəhd edib, ancaq qalxa bilməyib. Bizim çəkdiyimiz kadrlarda da görsənir ki, Tofiq İsmayılovun üzü salamatdır, başının ortasında güllə yeri var.

Bu da onu sübut edirdi ki, orada helikopter partlaması olmayıb, hər şey sonradan ermənilər tərəfindən törədilib. Göy otun üstündə olan cəsədlər yanmaqdan qapqaradır, ancaq otlar isə gömgöy idi. Bütün bunlar hər şeyi açıb ortaya qoyurdu”.

Sonda xatırladaq ki, 2010-cu ildə Qarabağın, hadisə yaşanan zonanın erməni işğalında olması səbəb ilə istintaq dayandırılıb.

Artıq Müzəffər Azərbaycan ordusu erməni işğalını “Dəmir Yumruq”la bitirdiyi üçün Qarakənd faciəsinin istintaqının bərpası real görünür. Hər halda hadisəyə siyasi qiymət də verilməlidir. Araşdırmamız davam edir.
0