Ana səhifə   |    Haqqımızda   |    Reklam

Fransada valideynlərə qadağa: Övladlarının şəkillərini paylaşmaları məhdudlaşdırıla bilər

Dünya
2 Mrt 2023
05:42
Fransada valideynlərə qadağa: Övladlarının şəkillərini paylaşmaları məhdudlaşdırıla bilər


Fransada uşaqların qorunması ilə bağlı yeni qanun layihəsi qəbul edilə bilər.

Qanunda uşaqların fotolarının valideynləri tərəfindən internetdə həddindən artıq paylaşılmasının məhdulaşdırılması nəzərdə tutulur.

Fransa Milli Assambleyanın Məhkəmə-Hüquq Komitəsinin üzvləri uşaqların hüquqlarının müdafiəsini nəzərdə tutan bu qanun layihəsini yekdilliklə təsdiqləyiblər.

“Valideynlərə verilən mesaj ondan ibarətdir ki, uşaqlarının özəl həyatını qorumaq onların məqsədi olmalıdır”, - deyə qanun layihəsinin təşəbbüskarı olan və eyni zamanda Prezident Emmanuel Makronun partiyasından olan deputat Bryuno Studer qeyd edib.

“Uşaqların 13 yaşına qədər, yəni onlara öz hesablarını yaratmağa icazə verilənə qədər sosial şəbəkələrdə orta hesabla 1300 fotoşəkil paylaşılır”, - deyə o əlavə edib.

Qanun layihəsinə verilən izahatda vurğulanıb ki, valideynlər tərəfindən uşaqların şəkillərinin internetdə yerləşdirilməsi uşaqların şəxsi həyatı üçün əsas risklərdən biridir.

İtkin düşən və istismar edilən uşaqların Milli Mərkəzindən verilən məlumata görə, uşaqlara qarşı cinsi hərəkətlər edən cinayətkarların paylaşdıqları fotoların yarısı ilkin olaraq valideynlər tərəfindən sosial şəbəkələrdə yerləşdirilmiş şəkillər olur.