İran bu gün özünü qorxaq və qısqanc uşaqlar kimi aparır - HƏQİQƏTƏN DƏ...

Siyasət
12 Ekm 2021
11:09
İran bu gün özünü qorxaq və qısqanc uşaqlar kimi aparır - HƏQİQƏTƏN DƏ...

İran mediasında ölkənin Nizam-İntizam Qüvvələrinin Sərhəd Qoşunlarının komandanı, general-mayor Əli Qüdərzi tərəfindən həqiqətə uyğun olmayan açıqlamalar yayılıb. Dövlət Sərhəd Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının dövlət sərhədində hər hansı üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb, hazırda da yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan Respublikası ərazisində xaricdən gəlmiş təkfirçilərin fəaliyyət göstərməsi, eləcə də üçüncü ölkələr tərəfindən Azərbaycan ərazisindən İrana qarşı kəşfiyyat məqsədilə istifadə olunması barədə iddialar yalandır və həqiqəti əks etdirmir.

Azərbaycan Respublikasının dövlət sərhədlərində, sərhəd mühafizə qurumlarında hər hansı xarici dövlətin qüvvələri, mütəxəssisləri mövcud deyildir, Azərbaycan Respublikasının dövlət sərhədlərinin etibarlı müdafiəsi və mühafizəsi üçün ən müasir imkanlara malik olan Dövlət Sərhəd Xidmətinin xarici qüvvələrin dəstəyinə ehtiyacı yoxdur.

Ermənistan ilə dövlət sərhədində Görus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində sərhəd və gömrük nəzarətinin tətbiq olunması Azərbaycan Respublikasının suveren hüququdur. Azərbaycan və İran sərhədçiləri arasında mütəmadi olaraq müxtəlif səviyyələrdə işçi görüşlərin keçirilməsinə və məlumat mübadiləsinin aparılmasına baxmayaraq bugünədək Azərbaycan tərəfinə müsahibədə səsləndirilənlər haqqında ümumiyyətlə heç bir məlumat verilməyib, hər hansı fakt təqdim olunmayıb. Hazırda İran İslam Respublikası ilə dövlət sərhədində əməliyyat şəraiti stabildir və Azərbaycan sərhəd mühafizə orqanlarının tam nəzarəti altındadır. Dövlət sərhədində Azərbaycan Respublikasının dövlət maraqlarına qarşı yönələn istənilən təxribatın qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır. Qeyd edilənləri nəzərə alaraq, İİR rəsmilərinə daha məsuliyyətli olmağı tövsiyə edir, onları yalan və böhtan xarakterli məlumatları yaymaqdan çəkinməyə çağırırıq.

Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında vurğulayıb ki, son zamanlar İranın Azərbaycana qarşı təxribatları artıb. Politoloq hesab edir ki, İran həddən artıq narahatdır:

"Çünki İran qorxur ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlayar və Zəngəzur dəhlizini açar. Bu da İranın qəbul elədiyi xarici strategiyasına uyğun gəlmir. İran Azərbaycanın Türkiyə ilə quru əlaqəsinin olmasını istəmir. Çünki İran ərazisindən Naxçıvana və Türkiyəyə gedəndə onlar Azərbaycandan keçən bütün yüklərə nəzarət edə bilirdi. Ancaq Zəngəzur dəhlizi açılandan sonra onlar buna nəzarət edə bilməyəcəklər. Buna görə də İran çox əndişədədir".

Azərbaycan ərazisindən İrana qarşı istifadə etmək məsələsinə gəlincə, politoloq qeyd edib ki, bu, İranın burda 5-ci kolononun yaydığı fikirlərdir:

"Çünki nə qədər ki, Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev İranla bağlı fikirlər söyləməmişdi, Azərbaycanla İran münasibətləri hələ qapalı qaynayan qazan şəklində idi. Amma "qazanın ağzını" İran açdı, yəni onların bir əyalət mollası Azərbaycanı hədələdi. Bu azmış kimi də İranın dini lideri Xameneyi feodal düşüncəsi ilə şapalaq siyasətini gündəmə gətirdi. Təbii ki, prezident xalqın fikirlərini İran dövlətinin nəzərinə çatdırdı.

Bildiyimiz kimi, Azərbaycan dövlətinin İranla belə bir razılaşması var ki, bizim ərazimizdən heç bir zaman nəinki İrana, heç bir dövlətə qarşı istifadəyə yol verilmir. İran da bunu bilir və bu sənədi imzalayıb. Əgər İran bunu yaddan çıxardıbsa, o, İranın öz günahıdır, Azərbaycanın deyil.

Eyni zamanda, Azərbaycan ərazisindən hər hansısa bir xarici dövlətin hərbi bazası olmasına icazə verilmir. Ona görə də Qarabağdakı Rusiya sülhməramlılarına müvəqqəti yerləşmiş deyilir. Yəni Azərbaycan qanunvericiliyinə görə, başqa dövlətlərin burada olmasına yol vermir. Bu günlər İran cığal uşaqlar kimi hər şeydə Azərbaycanı ittiham edir. Unutmasınlar ki, Azərbaycan bir dövlət kimi özünə hörmət eləyən bir dövlətdir.

Öz qonşularına da çox hörmətlə yanaşır, amma İran bu gün həm qorxaq, həm də qısqanc uşaqlar statusunda çıxış eləyir. İranın Azərbaycanla bağlı bu günə qədər yürütdüyü siyasət yavaş-yavaş ifşa olunur".