Mustafa Kamal Atatürkün anım günüdür

Gündəm
10 Kas 2021
14:55
Mustafa Kamal Atatürkün anım günüdür

Bu gün Türkiyə Cümhuriyyətinin qurucusu və lideri Mustafa Kamal Atatürkün vəfat etməsindən 83 il ötür.

57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb.

Atatürk 1881-ci ildə Selanikdə anadan olub.

Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər “Mustafa”dan fərqləndirmək üçün istedadlı şagirdinə “Kamal” adını qoyub.

1923-cü ilin 29 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyət elan edilərkən, Mustafa Kamal Atatürk dövlət başçısı seçilir (cumhurbaşkanı). 1938-ci il, vəfat etdiyi zamana qədər ard-arda dörd dəfə cumhurbaşkanı seçilən Atatürk bu vəzifədə ən uzun müddət qalan dövlət başçısı olub.

1921-ci il 23 avqustda yunanlarla aparılan Sakarya döyüşündə qələbə qazanan Mustafa Kamala “Marşal” və “Qazi” rütbəsi verilib. 1934-cü ildə isə ona qanunla “Atatürk” soyadı verilib və bu soyadın başqaları tərəfindən istifadə olunması qadağan edilib.

Atatürk 1938-ci il 10 noyabrda, 57 yaşında İstanbulda Dolmabahçe Sarayında gözlərini əbədi yumub. Onun nəşi 1953-cü ildə ölümünün 15-ci ilində Ankaradakı Etnoqrafiya muzeyindən Anıtkabirə köçürülüb.