Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO

Gündəm
15 Ekm 2021
09:31
Ekologiya və "Sərvətlər" Nazirliyinin "sərvətləri" Azərbaycan xalqına, yoxsa Babayevlərə məxsusdur? - VİDEO

Ekologiya və təbii sərvətlər nazirliyi !

Kimlər üçünsə sözün əsl mənasında SƏRVƏTLƏR nazirliyidir. Yaşam üçün, səhhətimiz üçün vacib olan ekologiyamıza nəzarət və xidmət edən, daha doğrusu etməli olan bu qurum barəsində internet üzərindən kiçik bir axtarış-araşdırma etdik.

Nələr gördük, nələr duyduq təsəvvür edə bilməzsiniz.

Amma, yox. Elə siz də həm mediada yayımlanan məlumatlardan, həm də hər gün qarşılaşdığınız ekoloji problemlərdən, havanı çirkləndirən qara tüstülərdən, yaşayış ərazisinin düz yaxınlığında (hətta bəzən içində) mövcud olan məişət tullantılarından, həmçinin kəsilmiş ağaclardan, özümüz üçün cərimə cəzası, yadlara isə nuş olan ov quşlarının ovlanmasından və sair bütün bunlara cavabdeh sözügedən Nazirliyin fəaliyyətindən (fəaliyyətsizliyindən) xəbərdarsınız.

Media vasitəsilə sakinlər meşə ağaclarının kəsilməsindən, meşə zolaqlarını rüşvət müqabilində "otlaq" sahəsi kimi ərazi sakinlərinin istifadəsinə verilməsindən, Sumqayıt şəhər "Kimyaçılar" qəsəbəsində, həmçinin Binəqədi rayon 6-cı mədən "DSK yolu" tərəfdəki özəl zavodlardan, sexlərdən qalxan qara tüstülərdən gileylənirlər.

Hətta, sözügedən ekoloji problemlərin əksəriyyəti barəsində sakinlər özləri də bildirirlər ki, bir çox qurumlara, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dəfələrlə müraciət ediblər.

Amma, çi fayda...

Yerli saytlardan əldə etdiyimiz məlumatlara görə cənab nazir Muxtar Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyini az qala "ailə biznesi"nə çevirib. Bütün qohum-əqrəbasını başına toplayıb, ekologiyanın "evini yıxmaq bahasına" özünə sərvətlər toplayır.

Yadlara (media nümayəndələri və şikayətçilərə) isə nə özü, nə işçiləri qətiyyən məhəl qoymur. El dili ilə desək, Muxtar Babayev "çörəyi özününkülərlə bölüşür". Şəhərin mərkəzində, əhalinin sıx yaşadığı ərazilərdə tikinti şirkətlərinin kəsdiyi ağaclar, fermerlərin, heyvandarlıq təsərrüfatı ilə məşğul olan sahibkarların yaşıllıqları məhv etməsinə, özəl zavodların, müəssisələrin havaya qalxan qara tüstülərinin havanı çirkləndirməsinə isə göz, bütün bunlar barəsində jurnalistlərin suallarına qulaq yumur.

Atalar deyir: "Gəlin ocağa gələr."

Sözügedən nazirliyin Rəhbərliyindən "örnək" alan bütün işçiləri də eyni "xasiyyət", eyni "iş prinsipi" ilə çalışırlar.

Hətta, nazirliyin mətbuatla əlaqələr şöbəsi belə mətbuatın sorğularını, müraciətlərini həftələrlə, aylarla, bəzən də ümumiyyətlə cavabsız qoyur.

Düşünürük ki, Dövlət qurumunun dövlət büdcəsindən maaş alan işçilərinin bu cür fəaliyyətsizliyi büdcə israfından başqa bir şey deyil.

Bu bizim fikrinizdir. Muxtar Babayev isə deyəsən fərqli düşünür. O texniki işçiləri, meşə gözətçilərini "israf" hesab edir. Bizə belə deməyə, onun ötən il pandemiyanın hər sahəyə "hakim olduğu" bir zamanda meşələrə nəzarət edən onlarla işçini işdən azad etməsi əsas verir.

Səbəbsə onu göstərdi ki, güya həmin gözətçilər yerli sakinlərlə əlbir olub, meşələri məhv edirlər.

Əslində, əgər bu səbəb həqiqətdirsə, bu doğru addımdır. Amma, nədənsə cənab nazir böyük bizneslərlə məşğul olan sahibkarlarla əlbir olub yaşıllıqları "köçürmə" adı ilə məhv edən qohumları barədə belə bir addım atmır.

Deyək ki, xəbəri yoxdur, bəlkə ona görə?! .... O da deyil.

Çünki, dəfələrlə şəxsən biz özümüz həm rəsmi, həm şifahi olaraq nazirliyin mətbuat xidmətinə müraciətlər edib, sorğular göndərmişik.

Cavab isə ya ümumiyyətlə olmayıb, ya da dəfələrlə nazirliyin mətbuat xidmətindən İradə xanım İbrahimovaya telefon açıb, sorğumuzu xatırlatdıqdan sonra, bizi biraz da intizarda saxlayıb, sonunda elə cavab göndərirlər ki, heç nə anlamaq olmur. Dəxlisiz və əsassız cavablarla bizi "yola verməyə" çalışıblar. Elə Daşkəsən rayon "Çanaqçı" kəndində bələdiyyə sədrinin qanunsuz balıq gölləri barəsində olan müraciətimizdə olduğu kimi.

Yox, ümumiyyətlə baxmadılar demirik. 2-3 ay ərzində, dəfələrlə, təkrar-təkrar İradə xanım İbrahimovaya telefon açıb, cavab istədikdən, bələdiyyə sədri Eyvaz Vəliyevə iz itirmək üçün kifayət qədər vaxt ayırdıqdan sonra, nəhayət ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Gəncə regional idarəsindən arayıb,
araşdırmaq üçün sözügedən ünvana nümayəndə göndərildiyini bildirdilər. Şikayətçi Oktay Abdullayevin də iştirakı ilə sektor müdiri Samir Abdullayev və digər nümayəndə Orxan Həsənov həmin ünvanda oldular. Necə araşdırma apardıqları, həmçinin Samir Abdullayevin açıq şəkildə bələdiyyə sədrinin mövqeyini qorumağa çalışdığı barəsində ötən yayımda məlumat vermişdik.

My Webpage

Sözün açığı Samir Abdullayevin bu davranışları bizi qətiyyən təəccübləndirmədi. Bəlli ki, o da işçisi olduğu qurumun rəhbəri Muxtar Babayev və qohumlarından "nümunə" götürüb "ərköyünlük" eliyir.

Yeri gəlmişkən Avqust ayının ikinci yarısında bir məlumata rast gəldik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tender müqaviləsi imzalayıb. Özü də katirovka sorğusu baş tutmadan, Dövlət Satınalma Portalında göstərilmədən.

Bundan əlavə deyilənə Muxtar Babayevin doğmaca əmisi oğlu olan Füzuli Babayevin direktoru olduğu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Təminat İdarəsi Avqust ayının sonlarında eyni malların satın alınması səbəbi ilə bir gündə bir neçə MMC-lərlə yüksək məbləğlərin də qeyd edildiyi tender müqavilələri imzalayıb. Hər iki müqavilə ilə bağlı yaranmış suallarımızı aydınlıq gətirilməsi üçün sözügedən idarənin elektron ünvanına "DogruXeber.az" İnformasiya agentliyi adından sorğu göndərdik. Avqustun sonlarında və sentyabr ayının 2-də göndərdiyimiz və 24 saat ərzində cavablandırılmalı olan elektron müraciətimizə, israrımızla Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə xanım İbrahimova sentyabr ayının 23-də, digərinə isə 29-da nəhayət ki, cavab verdi.

Əslində heç onlara "cavab" da demək olmaz.

Çünki, verilən cavabların heç biri yaranmış suallarımıza aydınlıq gətirmədi. Dövlət satınalma Portalında haqqında heç bir məlumata rast gəlmədiyimiz müqavilə barəsində Nazirliyin mətbuat xidməti "Dövlət Satınalma Portalında ətraflı məlumat dərc edilmişdir" - deyə cavablandırıb. Digər, idarənin bir gündə, bir neçə MMC ilə imzaladığı müqavilələrə gəlincə isə suallarımıza ötəri cavab verərək, əsas cavablardan yayınıb.

Hansı ki, digər suallarımızda idarənin müqavilə imzalanan MMC-lər barəsində nə dərəcədə məlumatlı olduğunu soruşmuşduq. Onlar isə cavabında həmin suallarımızın qarşı tərəfə aid olduğunu bildirib.

Bütün bunlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin özünün və nəzdində olan idarələrin rəhbərlərinin öz işçiləri ilə "iş birliyinin" və birgə fəaliyyətlərinin hansı həddə olmasını göstərir.

Mövzuya qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az