Rusiya Ermənistanı Ərdoğanın təklif etdiyi formata gətirmək istəyir - GƏLİŞMƏ

Dünya
12 Ekm 2021
12:36
Rusiya Ermənistanı Ərdoğanın təklif etdiyi formata gətirmək istəyir - GƏLİŞMƏ

“44 günlük müharibə Cənubi Qafqazda geosiyasi vəziyyəti köklü şəkildə dəyişib. Müharibə nəticəsində Ermənistan acınacaqlı vəziyyətlə üzləşib. Baş nazir Nikol Paşinyan ölkəsini düşdüyü ağır iqtisadi-siyasi vəziyyətdən çıxarmaq üçün yollar axtarır”.

Bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev oktyabrın 12-də Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə planlaşdırılan görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Paşinyan ABŞ-la Rusiya arasında qalıb, nə edəcəyini müəyyənləşdirməkdə çətinlik çəkir. Yəni bir tərəfdə onu hakimiyyətə gətirən ABŞ-ın qarşısında götürdüyü öhdəlik var, digər tərəfdə isə mövcud siyasi reallıqlar.

A. Məsiyev qeyd edib ki, reallıq 10 noyabr sazişinin müddəalarıdır, bu sazişin təminatçısı isə Rusiya prezidentidir: “Rusiya prezidenti Vladimir Putinin prinsipiallığı, iradəsi Baş nazir Nikol Paşinyana yaxşı məlumdur. Dünya siyasətçiləri, Putini yaxından tanıyanlar birmənalı olaraq qeyd edirlər ki, o, imzasına sahib olan dövlət başçısıdır”.

Siyasi şərhçinin fikrincə, ABŞ Gürcüstan vasitəsilə öz ideyasını reallaşdırmaq istəyir: “Bu baxımdan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də oktyabrın 9-10-da Ermənistana səfəri zamanı erməni həmkarı Nikol Paşinyanla "Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü"nü müzakirə etdi, yeni sülh formatını gündəmə gətirdi. O, dinc mehriban qonşuluq təşəbbüsünün perspektivlərinin müzakirəsinə kömək edəcəyini və Cənubi Qafqaz dövlətləri ilə yanaşı, beynəlxalq tərəfdaşların da buna qoşula biləcəyi kimi fikirlər səsləndirdi. Qaribaşvilinin “beynəlxalq tərəfdaşlar”- deyəndə ABŞ və bəzi Qərb dövlətlərini nəzərdə tutması şübhəsizdir”.

A. Məsiyev xatırladıb ki, Cənubi Qafqazda sülhün və tərəqqinin əldə edilməsi üçün Türkiyə prezidentinin məlum 3+3 formatı var. Bu formatın həyata keçməsi ABŞ-ın və qərbdəki bəzi dövlətlərin maraqlarına uyğun deyil: “Türkiyə, Rusiya, Azərbaycan, İran bu formatı birmənalı dəstəkləyir, Ermənistan mövqe bildirmir, Gürcüstan tərəddüd edir. Qaribaşvilinin də səsləndirdiyi yeni “Cənubi Qafqazda dinc mehriban qonşuluq təşəbbüsü" ideyası ABŞ-dan gələn təxribatdır, məqsəd 3+3 ideyasına kölgə salmaqdır. ABŞ hər vəchlə “Altılıq” formatına mane olmağa çalışır. Odur ki, Nikol Paşinyan-Vladimir Putin görüşü tək Rusiya ilə Ermənistan arasında olan ikitərəfli münasibətlərlə bağlı deyil. Bu, sentyabrın 29-da Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşünün məntiqi nəticəsi kimi də anlaşıla bilər. Çünki həmin görüşdə də Cənubi Qafqazın gələcəyi müzakirə olunub”.

İnstitut rəhbəri sonda əlavə edib ki, rəsmi Moskva Ermənistanla Azərbaycan arasında böyük sülhün əldə edilməsinə nail olmağa çalışacaq. Rusiya bununla ABŞ-ın və Qərbin Cənubi Qafqazdakı arzusunu puça çıxarmaq istəyir. A. Məsiyev deyib ki, Ermənistanı məlum “Altılıq” formatına cəlb edə biləcək qüvvə yalnız Rusiyadır.