“Qardaş Briqada”sı Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH

Cəmiyyət
12 Eyl 2021
14:39
“Qardaş Briqada”sı Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir - ŞƏRH


Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın yeni mərhələsi inkişaf edir. Dünyada baş verən proseslər fonunda hərbi əməkdaşlığın daha intensiv şəkil alması həm də Cənubi Qafqaz regionu üçün mühüm əhəmiyyət kəsb edir.

Bu barədə “Kaspi” qazetində məqalə dərc olunub.

Xüsusilə, Vətən müharibəsindən sonra bölgədəki sabitliyi təmin etmək üçün Azərbaycan həm ikitərəfli, həm də çoxtərəfli siyasi, iqtisadi, o cümlədən hərbi cəhətdən münasibətlərin inkişafında maraqlıdır. Bu məsələdə ölkə rəhbərliyinin də iradəsi özünü göstərir. Belə ki, Ali Baş Komandan İlham Əliyevin müvafiq tapşırığına əsasən, Müdafiə Nazirliyi Türkiyənin Milli Müdafiə Nazirliyi ilə qurduğu əməkdaşlıq çərçivəsində ilboyu birgə hərbi təlimlər keçirilir. Məqsəd isə Azərbaycan ordusunun döyüş qabiliyyətini artırmağa, yeni təcrübənin tətbiqinə və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Bu günlərdə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı yeni açıqlama da iki qardaş ölkə arasında mövcud hərbi əməkdaşlıq baxımından diqqəti cəlb edir. Bu qurumun rəsmisi Pinar Kara qeyd edib ki, Türkiyə və Azərbaycan arasında hərbi sahədə qarşılıqlı əlaqəni təmin etmək, təlim, idarəetmə və icra prinsiplərini uyğunlaşdırmaq üçün “Qardaş Briqada” layihəsi başladılıb. O vurğulayıb ki, Türkiyə Azərbaycan Ordusuna dəstək olmaq məqsədilə Ermənistanın işğalından azad edilmiş ərazilərdə minatəmizləmə işlərini davam etdirir:

“Türkiyə Silahlı Qüvvələri qardaş ölkə Azərbaycanla hərbi əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsinə və təlim fəaliyyətini dəstəkləməyə davam edir. "İki dövlət, bir millət" anlayışı ilə kədər və sevinc içərisində bir yerdə olduğumuz azərbaycanlı qardaşlarımızın yanında bütün imkanlarımızla olmağa davam edəcəyik”.

Onu da qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri “Qardaş Briqada” layihəsi çərçivəsində Türkiyədə təlimdə iştirak etmək üçün Gelibolu vilayətinə gediblər.

İki qardaş ölkə arasında “Qardaş Briqada”nın yaradılmasının əhəmiyyəti nədən ibarətdir? Bu layihə bizə nə verəcək? Ümumiyyətlə, Azərbaycan və Türkiyənin bu addımı maraqlı dövlətlər tərəfindən necə qarşılanacaq?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Ruslan İmamquliyev “Kaspi” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ölkəmizlə Türkiyə arasında bir çox istiqamətlərdə, o cümlədən hərbi müstəvidə sıx əlaqələr olub:

“Biz 44 günlük müharibədə də bunun verdiyi faydanı görmüş olduq. Təbii ki, bundan sonra da Azərbaycanla Türkiyə arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlıq davam etdirilməlidir. Bundan əvvəlki illərdə digər ölkələrin nümunələri Azərbaycana tətbiq edilib. Lakin bu günün reallığına uyğun olaraq ölkəmizdə Ali Baş Komandanlıq səviyyəsində qərar verilib ki, Azərbaycan ordu quruculuğunda Türkiyə modelini əsas götürsün”.

Hərbi ekspertin sözlərinə görə, Türkiyə ordu modelinin əsas götürülməsi o deməkdir ki, bu sahədəki əlaqələr daha da inkişaf etdirilməlidir:

“Bir sözlə, hərbi təlimlərin keçirilməsi, hərbi təhsil sahəsində, o cümlədən müdafiə sənayesinin inkişaf etdirilməsi baxımından Azərbaycan, Türkiyə və Pakistanla olan əlaqələrin inkişafı olduqca vacibdir. Ümummilli lider Heydər Əliyev təsadüfən “Bir millət, iki dövlət” fikrini səsləndirməyib. Məhz “Bir millət, iki dövlət” prinsipi çərçivəsində regionda söz sahibi ola bilmək üçün Azərbaycan və Türkiyə orduları mütəmadi olaraq ortaq təlimlər keçirir, müştərək beynəlxalq əməkdaşlıq əməliyyatlarında iştirak edirlər. Biz bunun bariz nümunəsini Əfqanıstanda Kabil hava limanının qorunmasında Türkiyə ilə Azərbaycanın ortaq fəaliyyətində gördük”.

R.İmamquliyev qeyd etdi ki, Azərbaycanın Türkiyə ilə sıx əlaqələri silahlı qüvvələrimizin tək regionda deyil, dünyadakı ordular sırasında yer alması üçün əhəmiyyətlidir:

“Ola bilsin ki, bu gün bu prosesin reallaşması bizə bir qədər uzaq görünə bilər. Amma unutmayaq ki, Türkiyə ordusu bu gün bütün dünyada ən güclü ordulardan biridir. Dünyada sözünü deyən bir ordu ilə eyni qanı daşımaq, eyni adət- ənənəyə sahib olmaq, müştərək təlimlərdə iştirak etmək o deməkdir ki, Azərbaycan, sadəcə regionda deyil, dünyada sözünü deyə bilən ordular sırasına addım-addım yaxınlaşır və baş verən proseslər buna bir işarədir”.