Özünü ölümə, sürücünü həbsə yollayanlar - ARAŞDIRMA

Cəmiyyət
25 Tem 2021
12:47
Özünü ölümə, sürücünü həbsə yollayanlar - ARAŞDIRMA


Və ya faciələrə yol açan piyada məsuliyyətsizliyi

Yol hərəkəti təhlükəsizliyi sahəsində həllini tapmayan əsas problemlərdən biri də piyada məsuliyyətsizliyidir. Qaydalara riayət etməyən, o cümlədən piyada keçidi olmayan ərazilərdən yolu keçməyə çalışan, işıqfora, qadağanedici işarələrə əhəmiyyət vermədən avtomobilin altına atılan vətəndaşlar həm özlərinə, həm də sürücülərə təhlükə yaradırlar. Belə laqeydliyin nəticəsidir ki, yol-nəqliyyat hadisələrində həlak olanların ümumi sayının 50 faizini məhz piyada məsuliyyətsizliyi təşkil edir. Müasir dövrdə istər paytaxtda, istərsə də regionlarda təhlükəsizlik kameraları quraşdırıldığından, yol hərəkəti qaydalarını pozan sürücülər avtomobilin qeydiyyat nömrəsi ilə dərhal müəyyən edilir, qanunla nəzərdə tutulmuş qaydada cərimələnirlər. Lakin piyadalarla bağlı bu metod işləmir. Ona görə də, bir çox hallarda piyadalar ətrafda polisinin olub-olmadığını müəyyən edib, yolu istədikləri kimi keçirlər. Bu da bir qədər əvvəl vurğuladığımız kimi, faciələrə səbəb ola bilir.
“Kaspi” qəzetinin bu mövzuda hazırlanmış yazısını təqdim edirik:

Statistik göstəricilər: 6 ayda 290 nəfər həlak olub

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında yerləşdirilən statistikaya görə, təkcə cari ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 4 (0,5 %) fakt, ölənlərin sayı 35 (10,8 %) nəfər, yaralananların sayı isə 3 (0,4 %) nəfər azalıb. Müəyyən edilib ki, sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 734 (97 %) yol-nəqliyyat hadisəsi (piyadalar tərəfindən 18 - 2,4 %) baş verib. Bu qayda pozuntularının 302-si (39,9 %) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (142 ölü, 230 yaralı), 241-i (31,8 %) qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə qaydalarının pozulması (73 ölü, 236 yaralı), 72-i (9,5 %) yolayrıcılarını keçmə qaydalarının pozulması (15 ölü, 93 yaralı), 10-u (1,3 %) nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi olub (5 ölü, 9 yaralı). Qəzaların növləri içərisində piyadanı vurmaq (304 - 40,2 %) və toqquşma (270 - 35,7 %) əvvəllər də olduğu kimi üstünlük təşkil edir (maneəni vurmaq 75 – 9,9%, aşma 66-8,7 %). Həlak olan 290 nəfərdən (qadınlar - 53 nəfər, 7-16 yaş - 26 nəfər,) 123-ü piyada, 87-si sürücü, 68-i sərnişin, 10-u velosipedçi, 2-si isə digər hərəkət iştirakçısı olub.
Piyadanın vəzifəsi və məsuliyyəti

Qanunvericiliyə nəzər salsaq, görərik ki, “Yol hərəkəti haqqında” Qanunun 40-cı Maddəsində “Piyadaların vəzifələri” əks olunub. Orada qeyd edilib ki, piyada, dəmiryolunu, avtomobil yolunun hərəkət hissəsini, küçələri piyada keçidləri ilə, o cümlədən yeraltı və yerüstü keçidlərlə, bunlar olmadıqda isə yolayrıclarında səki xətti və ya yol çiyni xətləri boyunca keçməlidir. Piyada hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə nəqliyyat işıqforunun işarəsini əsas tutmalıdır, yolun hərəkət hissəsində zərurət olmadan ləngiməməli və dayanmamalıdır. Bildirilib ki, piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Təbii ki, bu vəzifələrin yerinə yetirilməməsinə görə piyadalar məsuliyyət daşıyır və İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq miqdarda cərimə olunurlar. Məcəllənin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” adlı 29-cu Fəslinin “Piyadanın məsuliyyəti” başlıqlı 338-ci Maddəsində göstərilib ki, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına, yəni piyada işıqforunun və ya nizamlayıcının işarələrinə riayət edilməməsinə, yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə iyirmi manat məbləğində cərimə nəzərdə tutulub. Piyadalar tərəfindən yolun hərəkət hissəsinin, dəmiryol keçidinin müəyyən olunmayan yerdən keçilməsinə görə də iyirmi manat məbləğində cərimə edilir.
Cəriməyə görə deyil, həyatına görə qərar ver

Göründüyü kimi, həm “Yol hərəkəti haqqında” Qanunda, həm də İnzibati Xətalar Məcəlləsində piyadaların davranış qaydaları, məsuliyyəti, tələblərə riayət etmədikləri halda, onlara tətbiq olunacaq cərimələr aydın şəkildə verilib. Lakin hər piyadaya bir yol polisi təhkim etmək, ümumilikdə yol hərəkəti qaydalarını pozan piyadaların hamısını cərimələmək, onların hərəkətlərini nəzarət altında saxlamaq qeyri-mümkündür. Belə olan halda, hər bir vətəndaş məsuliyyətli olmalı, təhlükəsizlik qaydalarına riayət etməli, cərimələnməmək üçün deyil, özünün və başqalarının həyatını təhlükəyə atmamaq üçün qaydalara riayət etməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında deyib ki, yol hərəkəti qaydalarını pozan piyadaların təhlükəsizlik kameraları vasitəsilə müəyyən edilməsi qeyri-mümkündür. Onun sözlərinə görə, hər bir vətəndaş, piyada "Yol hərəkəti haqqında” Qanunun tələblərinə riayət etməlidir: “Tövsiyə edərdim ki, piyadalar yol keçərkən son dərəcə diqqətli olsunlar, öz həyatlarını təhlükəyə atmasınlar. Hətta piyada zolağı olan yolları keçərkən belə, “yol mənimdir, üstünlük mənə məxsusdur” deyib, tələskənlik etməsinlər. Avtomobilin sürətini, onun əyləc məsafəsini, hər hansı texniki çatışmazlıq səbəbilə, yaxud qəfil avtomobilin qarşısına çıxan zaman sürücünün nəqliyyat vasitəsini saxlaya bilib-bilməyəcəyini düşünsünlər. Xüsusilə də gecə saatlarında son dərəcə diqqətli olsunlar, yolun müəyyən edilməyən hissələrindən, yaxud işıqlandırılma olmayan yerlərdən yolu keçməsinlər. Axşam saatlarında görüntünün məhdudlaşdığını nəzərə alıb, qara və tünd deyil, əlvan rəngli geyimlərə üstünlük versinlər ki, hərəkətdə olan sürücü onları daha tez görə bilsin, bununla da baş verə biləcək qəzanın qarşısı alınsın. Bəzən piyadalar hərəkətdə olarkən qulaqlıqdan istifadə edirlər. Belə piyada nəqliyyat vasitəsinin qarşısına qəfil çıxanda sürücü nə qədər siqnal versə də eşitmir. Nəticədə qəzadan yayınmaq mümkünsüz olur”.

Bəşəriyyət üçün ağır itki

Sonda qeyd edək ki, yollarda baş verən hadisələr nəticəsində dünyada hər il 1,3 milyon insan həyatını itirir, 50 milyona qədər insan xəsarət alır. “Davamlı İnkişafa Doğru” İctimai Birliyinin 2017-ci ildə nəşr etdirdiyi “Yol mədəniyyəti həyatımızın qarantıdır” adlı nəşrdə göstərilib ki, yol-nəqliyyat qəzaları dünyada 15-29 yaşlı insanların əsas ölüm səbəblərindən biridir. Hər il 25 yaşadək 400 000 gənc yol-nəqliyyat qəzaları zamanı dünyasını dəyişir ki, bu da gündə təxminən 1000 nəfər deməkdir. Proqnozlara görə, 2030-cu ilədək yol-nəqliyyat qəzaları nəticəsində baş verən ölüm halları 5-ci yerdə olacaq və hər il 2,4 milyon insanın həyatına son qoyacaq. Planetimizdə 15-44 yaşda dünyasını dəyişənlərin 25 %-i yol qəzalarında həlak olanlardır. Yol-nəqliyyat hadisələri nəticəsində sağlam insanların faciəvi şəkildə həlak olması bəşəriyyət üçün ağır itkidir.